Biz kimik

Azərbaycanın aparıcı gənclər təsisatıdır. Öz ətrafında 133 gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ölkə gəncləri və təşkilatlarının yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

NAYORA 1997-ci ildən Avropa Gənclər Forumu (AGF) və Türk Dünyası Gənclər Birliyinin, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004-cü ildən isə İslam Konfransı Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvüdür.

2000-ci ildə AGF-nin tam hüquqlu üzvünə çevrilən NAYORA 2004-cü ilədək Məşvərət Şurasında təmsil olunmuş, uzun müddətdən sonra - 2014-cü ildən yenidən Şuraya üzv seçilmişdir.

2002-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası ilə birlikdə İslam Konfransı Gənclər Forumunun yaradılması təşəbbüsü ilə çıxış edərək 2003-cü ildə Bakı şəhərində Forumun təsisçilərinin 1-ci görüşünü təşkil edir. İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 2004-cü ilin may ayında keçirilən 31-ci görüşündə isə təşəbbüsün dəstəklənməsi qərara alınır.

2012-ci illərdə NAYORA xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlılardan ibarət “Dünya Azərbaycanlı Gənclər Birliyini”, 40-a yaxın ölkənin gənc liderləri və nümayəndələrinin iştirakı ilə isə “Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyi”ni təsis etmişdir.

2014-cü ilin dekabrın 9-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Dünya Gənclər Assambleyasına tamhüquqlu üzv kimi qəbul olunaraq dekabrın 10-da idarə heyətinə seçilir.

 

Missiya

Vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılması.

Məqsəd

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz tərkibinə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.

NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.