“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin Biləsuvar, Şəmkir, Tovuz, Qazax və Xəzər rayonlarından seçilmiş üzvləri ilə onlayn platforma üzərindən görüş baş tutmuşdur.

15 Aprel 2020

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin Biləsuvar, Şəmkir, Tovuz, Qazax və Xəzər rayonlarından seçilmiş üzvləri ilə onlayn platforma üzərindən görüş baş tutmuşdur.

13-14 aprel 2020-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin Biləsuvar, Şəmkir, Tovuz, Qazax və Xəzər rayonlarından seçilmiş üzvləri ilə onlayn platforma üzərindən görüş baş tutmuşdur.

Görüşün keçirilməsinin məqsədi 5 rayonda İcra Hakimiyyətləri yanında Gənclərdən ibarət Məşvərət Şuralarının iştirakçılarının layihənin tərəfdaşları və təşkilatçıları ilə ümumi görüşünün həyata keçirilməsi, Gənclərin Məşvərət Şurası üzvlərinin gözləntiləri və gələcək fəaliyyəti haqqında fikirlərinin dinlənilməsi, onların layihə müddəti ərzində öz rayonlarında icra etmək istədikləri fəaliyyətləri müzakirə etmək olmuşdur. Görüşdə həmçinin Gənclərin Məşvərət Şurası üzvlərinin СOVİD-19 virusuna qarşı mübarizədə fəaliyyət təklifləri də dinlənilmişdir. Məşvərət Şurasının üzvləri koronavirusa qarşı mübarizədə evdəqal kampaniyasına qoşularaq təmsil etdikləri rayon və icmalarda müxtəlif maarifləndirmə kampaniyaları başladacaqları haqqında qərar qəbul etmişdir.

Qeyd etmək istərdik ki, Məşvərət Şurasının üzvləri müsahibələr əsasında seçilmiş və Biləsuvar, Şəmkir, Tovuz, Qazax və Xəzər rayonlarında yaşayan 16-26 yaş arası gənclərdir.

Baş tutmuş onlayn görüşdə hər rayondan 20 üzv olmaqla, ümumilikdə isə seçilmiş 100 gənc ilə yanaşı layihənin tərəfdaşları da iştirak etmişdir. İcra Hakimiyyətləri yanında Gənclərdən ibarət Məşvərət Şurası layihəsinin tərəfdaşları qismində onlayn görüşdə ARGTMŞ-nın sədri Məryəm Məcidova və baş katibi Azər Əliyev, Biləsuvar rayonu İcra Hakimiyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Qazax rayonu İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Gülnar Quliyeva, Şəmkir rayonu İcra Hakimiyyəti Aparatının məsləhətçisi Miraqil Cavadov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sosial Proqramlar şöbəsinin sektor müdiri Nərminə Aslanbəyova, UNICEF Azərbaycanın Yeniyetmə və Gənclərin İnkişafı Şöbəsinin mütəxəssisi Aida Ailarova və əməkdaşı Natiq Umarov, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Tovuz rayonu Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələkbərov, Qazax rayonu Gənclər İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Xəzər rayonu Gənclər İdman İdarəsinin rəisi Vüqar Əliyev, Gənclərin Məşvərət Şurasının Şəmkir rayonu üzrə koordinatoru Kənan İbrahimov, Gənclərin Məşvərət Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov iştirak etmişdir.

Layihənin fəaliyyət təqviminə əsasən 18 apreldən etibarən Gənclərin Məşvərət Şurasının üzvlərinə onların bilik və bacarıqlarının artırılması istiqamətində onlayn təlimlər keçiriləcək, daha sonra Gənclərin Məşvərət Şurasının üzvləri layihənin “Sorğu və Pilot layihələr” mərhələsi çərçivəsində 2020-ci ilin may-iyul aylarında öz icmalarında sorğu həyata keçirərək pilot layihələrini icra edəcəklər.