“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması konfransı”nın 1-ci günü baş tutdu

20 Dekabr 2019

“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması konfransı”nın 1-ci günü baş tutdu

20 dekabr 2019-cu il tarixində Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Təlim Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə ARGTMŞ-ya üzv olan və üzv olmayan gənclər təşkilatlarının iştirakı əsasında "Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması" konfransının 1-ci günü baş tutdu.
Açılışda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova  tədbir iştirakçılarını salamlayaraq hər birinə uğurlar arzu etmiş, gənclər təşkilatları arasında şəbəkənin genişləndirilməsi, təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın, əlaqə şəbəkəsinin inkişaf etdirilməsinin önəmi haqqında danışmışdır. Daha sonra NAYORA-nın layihələr üzrə katibi Azər Əliyev çıxış edərək 20-22 dekabr 2019-cu il tarixində keçiriləcək olan tədbir planını iştirakçıların nəzərinə çatdırmışdır.
İkinci hissədə “Holcim Azərbaycan” ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Rəna Tahirova “Strategiya nədir?” başlıqlı mövzu ilə bağlı təlim keçmişdir. Rəna Tahirova öz çıxışında strateji planlaşdırmanın önəmi, strateji planlaşdırma və gündəlik planlaşdırma arasındakı fərq haqqında auditoriya ilə müzakirə aparmışdır. Son olaraq iştirakçıların fikirləri dinlənilmişdir.
BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov “Dayanıqlı İnkişaf Məqsədləri” haqqında danışaraq, daha yaxşı gələcək üçün bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərin səfərbər olunmasının və bu istiqamətdə cəmiyyətin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğuladı. Sonda iştirakçıların qrup halında Dayanıqlı İnkişaf Məqsədləri haqqında hazırladıqları təqdimatlar nümayiş edildi.
Konfrans ümumilikdə 3 gün davam edəcək.

#AzGF #NAYORA #HədəfimİZ #FəaliyyətimİZ #NəticəmİZ #AzYouthPlanning