“Gənclər Təşkilatlarının Resurs Mərkəzi”-nin açılış mərasimi baş tutmuşdur

6 Mart 2020

“Gənclər Təşkilatlarının Resurs Mərkəzi”-nin açılış mərasimi baş tutmuşdur

6 Mart 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə
“Gənclər Təşkilatlarının Resurs Mərkəzi”-nin açılış mərasimi baş tutmuşdur.
Açılış mərasimi Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab Fərhad
Hacıyev açılış nitqi ilə başlandı. O, öz nitqində yeni yaradılmış Resurs Mərəkəzinin gənclərin
və gənclər təşkilatlarının ictimai-sosial həyata qoşulmasındakı əhəmiyyətindən və dövlət
gənclər siyasəti haqqında danışdı. Qeyd etdi ki, ARGTMŞ-ya üzv olan gənclər təşkilatları
üçün belə bir şəraitin yaradılması dövlətimizin gənclərə olan münasibətinin bariz
nümunəsidir.
Gənclər Fondunun icraçı direktoru cənab Fərid Cəfərov öz açılış nitqində bu platformanın
təşkilara bir növ qarşılaşdıqları ofis probleminin müəyyən mənada həll olunması, eyni
zamanda təşkilatların ortaq bir məkanda həm ideya mübadiləsi etməsi, həm də yeni
ideyaların yaranması üçün birgə çalışması üçün məkan olacağını bildirdi.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Məryəm
Məcidova qonaqları salamlayaraq, yeni açılmış Resurs Mərkəzinin təqdimatını həyata
keçirmişdir. O qeyd etdi ki, Resurs Mərkəzində ARGTMŞ-ya üzv olan gənclər təşkilatlarının
ofis və texniki avadanlıqlarla təmin edilməsi ilə yanaşı, gənclər təşkilatları üçün istər yerli,
istərsə də beynəlxalq layihələrə düzgün müraciət edilməsində dəstək olunması və mühasib
xidmətinin göstərilməsi nəzərdə tutulub.
Resurs Mərkəzinin açılış mərasimindən sonra Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurasının növbəti Məclisi həyata keçirilmişdir. Məclisdə ilk olaraq, Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra, ARGTMŞ-nın sədri Məryəm
Məcidova üzv təşkilatları və nümayəndələrini salamlayaraq, tədbirdə iştirak edən gənclər
təşkilatları rəhbərlərinə iştirakı üçün öz minnətdarlığını bildirmiş, məclisin yetərsayı
müəyyən edilmişdir.
İclasın gündəliyi təsdiqləndikdən sonra Məclisin sədri “İnternat Məzunlarının Sosial
İnteqrasiyası Gənclər” İctimai Birliyinin sədri Araz Əhmədov məclisi açıq elan etmişdir.
Daha sonra Layihələr üzrə katib Azər Əliyev son 6 ay ərzindəki ARGTMŞ-nin fəaliyyəti ilə
bağlı hesabatı təqdim edərək keçirilən tədbirlər, konfranslar və kampaniyalar barədə geniş
məlumat vermişdir.
Proqrama uyğun olaraq ARGTMŞ-nın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sona
Əlizadə ARGTMŞ-nın 2019-cu ilin ikinci yarım illiyi üzrə Mərkəzi Nəzarət Təftiş
Komissiyasının hesabatını təqdim etmişdir.
Tədbirin gedişatında üzvlük üçün müraciət edən “Gənclərin İntellektual İnkişafına Yardım”,
“Böyük Yol Gənclər”, “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” və “Uşaq və Yeniyetmələrə
Dəstək” İctimai Birlikləri ARGTMŞ-ya assosiativ üzvlüyə qəbul üçün təqdimatlar etmiş,
səsvermə prosesindən sonra səs çoxluğu ilə qəbul edilmişdir.
Məclisin yekununda ARGTMŞ-nın Baş katib vəzifəsinə təşkilatın Layihələr üzrə katibi Azər
Əliyevin namizədliyi irəli sürülmüşdür. O, ilk öncə özünü təqdim edərək gənclər
təşkilatlarındakı fəaliyyətindən, həyata keçirdiyi layihələrdən və gələcək planlarından söz
açmışdır. Səs çoxluğu ilə Azər Əliyev -nın Baş katibi seçilmişdir.
Məclis cari məsələlərin müzakirəsi və xatirə fotosu ilə yekunlaşmışdır.