1 may 2020-ci il tarixində onlayn formatda Gənclər Təşkilatlarının IV Milli Konqresinin açılışı baş tutdu.

1 May 2020

1 may 2020-ci il tarixində onlayn formatda Gənclər Təşkilatlarının IV Milli Konqresinin açılışı baş tutdu.

1 may 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı və ölkədəki gənclər təşkilatlarının iştirakı ilə onlayn formatda Gənclər Təşkilatlarının IV Milli Konqresinin açılışı baş tutdu.

Konqresin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarını COVİD-19 virusuna qarşı mübarizədə bir araya gətirərək onları birləşdirmək, idarəetmənin və onlayn fəaliyyətin effektiv mexanizmlərinin yaradılması haqqında müzakirələr aparmaq, gənclər siyasəti həyata keçirilməsində gənclər təşkilatının potensialının gücləndirmək, prioritet istiqamət və vəzifələr haqqında qərarlar qəbul etməkdir.

Konqresin ilk günündə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru cənab Fərid Cəfərov, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri və rezident əlaqələndiricisi cənab Qulam M. İsakzai, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Gənclər siyasəti və İdman məsələləri şöbəsinin Gənclərlə işin təşkili sektorunun müdiri cənab Həmid Nəsibov, ARGTMŞ-nın sədri Məryəm Məcidova, o cümlədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və biznes qurumların nümayəndələri, gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak etmişdir.

Konqresin açılış hissəsində ARGTMŞ-nın sədri Məryəm Məcidova Gənclər Təşkilatları Milli Şurasının son 2 illik fəaliyyət hesabatını təqdim etdi. Daha sonra Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev öz çıxışında onlayn fəaliyyətin gənclər təşkilatları üçün yeni bir təcrübə olduğunu və bundan sonrakı müddətdə də onlayn formatda bir çox kütləvi tədbirlərin həyata keçiriləcəyini qeyd etdi. Gənclər Fondunun icraçı direktoru cənab Fərid Cəfərov gənclər təşkilatlarının Əlaqələndirmə mərkəzlərinin yaradılması çərçivəsində yüzlərlə gəncin çoxsaylı unikal onlayn layihələrdə iştirak etdiyini bildirdi. BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri və Rezident əlaqələndiricisi cənab Qulam M. İsakzai gənclər təşkilatlarının onlayn fəaliyyətləri müddətində həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu və təşkilatların həmrəyliyini vurğuladı. Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Gənclər siyasəti və İdman məsələləri şöbəsinin Gənclərlə işin təşkili sektorunun müdiri cənab Həmid Nəsibov isə mövcud vəziyyətdə dövlətimizin yürütdüyü siyasətin uğurlu olduğunu və bu siyasətə gənclər təşkilatlarının göstərdiyi dəstəyin rolunun böyüklüyünü qeyd etdi.

Sonda gənclər təşkilatlarının nümayəndələrinin sualları cavablandırıldı və təklifləri qeydə alındı.

Qeyd edək ki, 2 may 2020-ci il tarixində Gənclər təşkilatlarının IV Milli Konqresinin ikinci günündə millət vəkilləri, dövlət rəsmilər, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar” və “Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzuları əsasında panel müzakirələri aparılacaqdır.