26 fevral Xocalı soyqırımının ildönümüdür

26 Fevral 2020

26 fevral Xocalı soyqırımının ildönümüdür

1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalıda azərbaycanlı əhaliyə qarşı misli görülməmiş soyqırım törətmişdir. Bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər yerlə-yeksan edilmişdir. Soyqrım nəticəsində 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 

Xocalı Soyqırımı 20-ci əsrdə baş vermiş ən dəhşətli insan faciələrindəndir. Beynəlxalq konvensiyalar, universal qanunlar, Xocalı faciəsi kimi faciələri dəfələrlə pisləmiş və onların qəbulolunmaz olduğunu bildirmişdir. Ermənistan Respublikası tərəfindən Xocalıda törədilmiş bu insanlıq əleyhinə cinayətə beynəlxalq, siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan bir çox beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentlərində qətiyyətli addımlar atmışdır.

Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir.