Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dünya azərbaycanlılarına müraciəti!

25 İyul 2020

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dünya azərbaycanlılarına müraciəti!

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dünya azərbaycanlılarına müraciəti!

İyul ayının 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki həmvətənlərimiz, xüsusən gənclər tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən ifrat aqressivlik nümayiş etdirildiyi və təxribatçı əməllərin həyata keçirildiyi müşahidə edilir.

Erməni tərəfinin psixoloji və fiziki zorakılığa əl atdığı belə insidentlər Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada baş vermişdir. Erməni təxribatçılar Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də öz fikirlərini dinc yolla ifadə edən azərbaycanlı nümayişçilərə qarşı vandalizm və terror elementlərini ehtiva edən əməllərə yol verərək, soydaşlarımıza xəsarət yetirmək məqsədi güdən və cinayət məsuliyyəti doğuran təxribatlar törətmişlər.

Xarici ölkələrdə yaşayan və təhsil alan yüz minlərlə Azərbaycanlının bu hadisələrlə əlaqədar keçirdiyi hiss və həyacanı dərindən başa düşərək və bölüşərək, ölkənin bir çox aparıcı gənclər təşkilatlarını və on minlərlə gənci ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası olaraq, radikal erməni ünsürlərinin Azərbaycanlı soydaşlarımıza qarşı yönələn, nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyirik! Bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyir, vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirik!

Bu gün hansı ölkədə yaşamasından asılı olmayaraq bizim hamımızın Azərbaycanlı olaraq üzərimizə düşən əsas vəzifə isə belə həssas məqamda sayıqlıq, soyuqqanlılıq, həmrəylik nümayiş etdirmək, bütün potensialımızı səfərbər edərək dinc yollarla, təmkinlə ermənilərin iç üzünü bütün dünyada ifşa etmək, bizə qarşı törədilmiş təxribatlara yalnız və yalnız hüquqi müstəvidə, qanunvericilik çərçivəsində cavab verilməsinə nail olmaqdan ibarətdir.

Hamımız yaxşı anlayırıq ki, bu təxribatların əsas məqsədi onlara eyni tərzdə cavab verilməsinə nail olmaqla yaşadıqları ölkədə Azərbaycan diasporunun imicinə xələl gətirmək, son günlərdə onun nümayiş etdirdiyi möhtəşəm birliyin, həmrəyliyin beynəlxalq ictimaiyyət üzərində yaratdığı təsiri azaltmaq, haqlı olduğumuz halda bizi onların gözündə haqsız duruma salmaqdır. Əminliyimizi ifadə etmək istərdik ki, xarici ölkələrdə yaşayan soydaşlarımız bu məsələdə də birlik və həmrəylik nümayiş etdirəcək, dövlətimizin və dövlət başçımızın Ermənistanın işğalçılıq siyasətinin bütün dünyada ifşa edilməsinə yönəlmiş fəaliyyətinə öz dəstəklərini əsirgəməyəcək, ermənilərin mənfur siyasətinin bütün istiqamətlərdə iflasa uğramasına nail olacaqlar!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın öz müraciətində bəyan etdiyi kimi: “Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.

Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!”