Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI Hesabat-Seçki Qurultayı keçirilib

11 Oktyabr 2019

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI Hesabat-Seçki Qurultayı keçirilib

11 oktyabr 2019-ci il tarixində Bakı Gənclər Mərkəzində ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI Hesabat-Seçki Qurultayı keçirilib. Qurultayda dövlət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahətli nümayəndələri və media nümayəndələri iştirak edib.

Qurultay NAYORA-nın seçkili orqanlarına (Sədr, Sədr müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və İdarə Heyətinin üzvləri) vakant vəzifələrinə seçkilər keçirmək, NAYORA-nın son seçki dövrü ərzində fəaliyyəti ilə bağlı hesabat vermək məqsədi ilə həyata keçirilib.
Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Rəsmi hissədə ilk öncə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidovanın açılış nitqi olub. Daha sonra ARGTMŞ-nın 2018-2019-cu il üzrə Hesabat Video Çarxı nümayiş olunub. ARGTMŞ-nın baş katibi Hüseyn Məmmədov ARGTMŞ-nın veb saytının yenilənmiş versiyasının təqdimatını nümayiş etdirmişdir.
Saytın təqdimatından sonra rəsmilərin çıxışları dinlənilib. İlk öncə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektoru müdiri Fuad Babayev çıxış edib. Daha sonra Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov çıxış edib.
Rəsmilərin çıxışlarından sonra NAYORA-nın sədrliyinə namizədlərin çıxışı dinlənilib. Tədbirin növbəti hissəsində Milli Şuraya sədr, büro üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına namizədlərin səsverməsi baş tutub. Səsvermə nəticəsində Məryəm Məcidova yenidən sədr seçilib.
Daha sonra Qurultay çərçivəsində cari məsələlər müzakirə olunub.

#NAYORA