Biləsuvar rayonunda ARGTMŞ-nın təşkilatçılığı ilə “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verilib

12 İyun 2019

Biləsuvar  rayonunda ARGTMŞ-nın təşkilatçılığı ilə “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verilib

Biləsuvar rayonunda UNICEF-in maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının(NAYORA) təşkilatçılığı ilə  “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verilib. 3 dekabr tarixində Biləsuvar Rayon İcra Hakimiyyətində  layihənin təşkilatçıları və iştirakçıları ilə ilk görüş keçirilib.

Əvvəlcə qonaqları salamlayan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının Biləsuvar rayonunda gənclərə göstərdiyi diqqət və qayğıdan söz açaraq, Biləsuvar gənclərinə də həmin qayğıdan pay düşdüyünü qeyd edib. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərə yüksək etimad göstərilməsi və bütövlükdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Bu işlərin həyata keçirilməsi rayon gənclərinin müxtəlif sahələrdə daha da aktiv olmasına şərait yaratmışdır. 

Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova da qəbula görə icra başçısına təşəkkür edib və ARGTMŞ və UNİCEF-in maliyyə dəstəyi il “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi haqqında məlumat verib.

M.Məcidova bildirib ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi regionlarda yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının region gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, region gənclərinin maarifləndirilməsi və ictimai fəaliyyətə cəlb olunması, region gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, regionlarda insan resurslarının inkişafına təkan verilməsi və gənclər arasında maraq doğuran məsələlərin həllində gənclərin özlərinin yerli hakimiyyət orqanlarına dəstək olması məqsədi ilə həyata keçirilir.

M.Məcidova qeyd edib ki, gənclərin qərar qəbuletmədə iştirakçılığının artırılması Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas hədəflərindən biridir. Eyni zamanda da “Gələcəyə baxış: Azərbaycan 2020” İnkişaf Konsepsiyasında da xüsusi qeyd olunur. Bu baxımdan yerli icra hakimiyyəti başçıları yanında Gənclərin Yerli Məşvərət Şuralarının yaradılmasını gənclər siyasətinin həyata keçirilməsində atılan ən uğurlu addım kimi qiymətləndirib.

Sonda iştirakçılar  Gənclərin Yerli Məşvərət Şurasının fəaliyyət dairəsi və onun yerli hakimiyyət orqanları ilə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.

#UNICEF #NAYORA