NAYORA-nın yeni EVS könüllüsü Türkiyə vətəndaşı olan Mine Özgizepin təəssüratları

30 Oktyabr 2019

NAYORA-nın yeni EVS könüllüsü Türkiyə vətəndaşı olan Mine Özgizepin təəssüratları

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) yeni EVS könüllüsü Türkiyə vətəndaşı olan Mine Özgizepdir. 20 sentyabr 2019-cu il tarixindən etibarən NAYORA ailəsinin bir üzvü olan Mine könüllülük fəaliyyətini çox aktiv, məsuliyyətli, işgüzar və operativ bir gənc olaraq davam etdirir. 2 ay müddətində davam edəcək proqram çərçivəsində Mine Özgizep, NAYORA-nın həyata keçirdiyi tədbirlərlə, layihələrlə, gələcək fəaliyyətləri ilə yaxından tanış olacaq. Könüllümüzün şəxsi düşüncələri və təəsürratlarını sizinlə paylaşırıq:

"Salam, mən Mine Özgizep. NAYORA-da qısamüddətli EVS proqramı olan "Könüllü Hərəkatı" barədə Başak xanım sayəsində bir sıra vacib məlumatlar əldə etdim. Uzun müddətdir ki, xaricdə rahatlıqla adaptasiya ola biləcəyim əhəmiyyətli bir layihə axtarışındaydım və elektron poçt ünvanımı açdığım zaman mənə lazım olan layihənin bu olduğunu düşündüm və müraciət etdim. Adımın müsahibə üçün qısa siyahıya alındığını eşidəndə həqiqətən çox sevindim. “Skype” vasitəsilə əlaqə saxladıqdan bir neçə gün sonra müsahibə nəticəsinin müsbət olduğunu öyrəndim və qısa müddətdə səfər üçün biletimi aldım. Hər şey çox az bir zaman çərçivəsində reallaşdı.
Təxmini 1 ay əvvəl Heydər Əliyev adına Bakı Hava Limanına gəldim. Aşağıda gördüyünüz şəkil ilk dəfə Bakı şəhərinin mərkəzinə gedən zaman məni evinə dəvət edən bir könüllü tərəfindən çəkilib. Bir-iki günlük adaptasiya prosesini keçdikdən sonra NAYORA-da işləməyə başladım. Ofisin digər işçilərinin əhval-ruhiyyələri, enerjiləri çox yüksək səviyyədə olduğuna görə gəldiyim vaxtdan etibarən hər hansısa ciddi sıxıntı, yaxud problemlə rastlaşmadım. Bir sıra müxtəlif layihələr üzərində işlər görülür və bu da işgüzar mühiti daim dinamik tutur. İş fəaliyyətim müddətində NAYORA-nın Hesabat Seçki Qurultayında iştirak etmək fürsəti əldə etdim. Burada olduqca səmimi bir şəraitdə keçən nahar vasitəsilə Türkiyədən gələn nümayəndə heyəti ilə tanışlıq imkanı qazandım. Deyə bilərəm ki, ilk 1 ay ərzində gözləntilərim artıq reallaşıb və mən qarşıdakı 5 həftəni səbrsizliklə gözləyirəm. Türkiyəyə möhtəşəm təcrübələr qazanmış olaraq geri dönəcəyimə əminəm."

#NAYORA #AzeYouthPolicy #AzeYouthStrategy