Qazax rayonunda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məlumat sessiyası baş tutdu

17 Yanvar 2020

Qazax rayonunda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məlumat sessiyası baş tutdu

13-14 yanvar 2020-ci il tarixində Qazax rayonunda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məlumat sessiyası baş tutdu.

Layihənin məqsədi həmin rayonlarda seçilmiş şuralar vasitəsilə qərarlar qəbul olunmasında yeniyetmə və gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları narahat edən məsələlərin müəyyən olunması, yerli idarəetmə orqanları ilə mütəmadi məsləhətləşmələr çərçivəsində həmin məsələlərin həlli üçün birgə layihələrin hazırlanması və həyata keçirilməsi, yeniyetmə və gənclərin sosialyönümlü məsələlərin həllində yerli idarəetmə orqanlarına dəstək olması üçün həyata keçirilir.

Qazax rayonunda baş tutan “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məlumat sessiyasında yeniyetmə və gənclərin müxtəlif təbəqələrini təmsil edən 16-29 yaş arası fəal və cəmiyyətin inkişafına töhfə vermək istəyən gənclər iştirak etmişdir.

Məlumat sessiyasında gənclərin liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırmaçılıq bacarıqlarının inkişaf etdirilməsi, yerli idarəetmə orqanları ilə Gənclərin Məşvərət Şuraları arasında müntəzəm dialoqun qurulması, gənclərin yerli idarəetmə orqanları ilə qarşılıqlı tərəfdaşlıq çərçivəsində gənclər arasında maraq doğuran məsələlərin müəyyənləşdirilməsi və həmin məsələlərin həlli üçün birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, Yerli Məşvərət Şurasının üzvlərinin regionun ictimai-sosial həyatında aktiv şəkildə iştirak etməklə, ümumilikdə gəncləri maraqlandıran məsələlərin həllinə və inkişafına töhfə verməsi, gənclər arasında şəbəkələşmənin inkişafına nail olunması kimi məsələlərə toxunulmuşdur.

Layihə təqviminə əsasən növbəti məlumat sessiyası 21-22 yanvar Şəmkir rayonu, 23-24 yanvar Tovuz rayonu, 29-30 yanvar Bakı şəhəri Xəzər rayonu, 3-4 fevral Biləsuvar rayonunda baş tutacaqdır.

#NAYORA #UNICEF