Qazax və Tovuz rayonlarında ARGTMŞ-nın təşkilatçılığı ilə “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verilib

12 Aprel 2019

Qazax və Tovuz rayonlarında ARGTMŞ-nın təşkilatçılığı ilə “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verilib

Qazax və Tovuz rayonlarında UNICEF-in maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının(NAYORA) təşkilatçılığı ilə  “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verilib. 2 dekabr tarixində Qazax Rayon İcra Hakimiyyətində və Tovuz Rayon İcra Hakimiyyətində layihənin təşkilatçıları və iştirakçıları ilə ilk görüş keçirilib.

 Qazax rayonunda keçirilən görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul şəxləri, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının sədri Məryəm Məcidova, Milli Şurada baş katib Azər Əliyev, UNİCEF Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının mütəxəssisi Natiq Umarov, Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Elçin Nəcəfov, Rayon Gənclər və İdman İdarəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları iştirak ediblər.

 Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb, gənclərə olan diqqət və qayğını özündə əks etdirən layihənin həyata keçirilməsinə, sərhəddə yaşayan Qazax gənclərini də diqqətdə saxladıqlarına görə əvvəlcədən minnətdarlığını bildirib. Son illər ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan söz açan icra başçısı Qazax gənclərinə də həmin qayğıdan pay düşdüyünü qeyd edib. Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən gənclərə daim dəstək olmağa çalışdığını, dövlətin və ölkə rəhbərinin qayğısını hər bir qazaxlı gəncin hiss etməsi üçün məqsədyönlü işlər gördüyünü diqqətə çatdırıb. Qazax Rayon İcra Hakimiyyəti olaraq “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq şəkildə öz strukturunda könüllülük fəaliyyətinə hər zaman üstünlük verildiyini bildirib. Həmin fəaliyyətə qoşulan bir neçə gəncin artıq könüllü kimi aparatda fəallıq nümayiş etdirdiyini qeyd edib.
Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının sədri Məryəm Məcidova çıxış edərək öncə səmimi münasibətə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qədim dövlətçilik ənənələrinə malik müasir Azərbaycan sürətlə inkişaf dövrünü yaşayır və gündən-günə çiçəklənir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və ölkənin bütün sahələrini əhatə edən inkişaf meyilləri tədricən Azərbaycanı dünyanın qabaqcıl dövlətlərindən birinə çevirir. Bu uğurların qazanılmasında gənclərin də üzərinə böyük pay düşdüyünü qeyd edən M.Məcidova gənclərlə bağlı görülən işlərdən danışıb. 1995-ci ildə 11 gənclər təşkilatı ilə təsis olunan ARGTMŞ-nın ötən müddət ərzində öz əhatəsini genişləndirərək bu gün təşkilat sayını 128-ə çatdırdığını bildirib. Fəaliyyətə başladığı ilk gündən ölkə gəncləri və təşkilatlarının yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olaraq gənclərin beynəlxalq inteqrasiyasını təşkil və təmin etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının UNİCEF-in maliyyə dəstəyi ilə  “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsindən söz açan şura sədri həmin layihənin Bakı şəhəri Xəzər rayonu, Biləsuvar, Şəmkir, Tovuz və Qazax rayonlarını əhatə etdiyini bildirib. Qeyd edib ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin əsas məqsədi mövcud gənclər təşkilatlarının region gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, region gənclərinin maarifləndirilməsi və ictimai fəaliyyətə cəlb olunması, bilik və bacarıqlarının üzə çıxarılması, regionlarda insan resurslarının inkişafına təkan verilməsi, gənclər arasında maraq doğuran məsələlərin həllində gənclərin özlərinin yerli hakimiyyət orqanlarına dəstək olmasıdır. M.Məcidova qeyd edib ki, gənclərin qərar qəbuletmədə iştirakçılığının artırılması Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas hədəflərindən biridir. Eyni zamanda da “Gələcəyə baxış: Azərbaycan 2020” İnkişaf Konsepsiyasında da xüsusi qeyd olunur. Bu baxımdan yerli icra hakimiyyəti başçıları yanında Gənclərin Yerli Məşvərət Şuralarının yaradılmasını gənclər siyasətinin həyata keçirilməsində atılan ən uğurlu addım kimi qiymətləndirib.

Həmin gün Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, UNICEF Azərbaycan və  Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə ilk görüş keçirib.
 İlk öncə qonaqları salamlayan M. Məmmədov qeyd etmişdir ki, bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində müxtəlif dövlət proqramlarının icrası uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edir.

Müasir gənclər cəmiyyətin aparıcı qüvvəsi olaraq hər zaman yenilik və müasir düşüncəyə malik olan ideyaların həyata keçirilməsində ön sırada gedirlər. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərə yüksək etimad göstərilməsi və bütövlükdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Gənclərin hərtərəfli inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili, cəmiyyətə inteqrasiyası, onların qayğıları ilə bağlı görülən işlər çox diqqətəlayiqdir. Gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılan şərait və imkan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətidir. 

Sonra Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova səmimi qəbula görə rayon rəhbərinə təşəkkür edib və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və UNİCEF-in maliyyə dəstəyi il “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi haqqında məlumat verib.

M. Məcidova bildirib ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi gənclər təşkilatlarının region gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, gənclər arasında maraq doğuran məsələlərin həllində onların yerli hakimiyyət orqanlarına dəstəyi, region gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, gənclərin maarifləndirilməsi və ictimai fəaliyyətə cəlb olunması, regionlarda insan resurslarının inkişafına təkan verilməsi məqsədilə təşkil olunur.

Sonda hər iki rayonda xatirə şəkilləri çəkdirilib.