Şəmkir rayonunda ARGTMŞ-nın təşkilatçılığı ilə “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verilib

12 Mart 2019

Şəmkir rayonunda ARGTMŞ-nın təşkilatçılığı ilə “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verilib

UNICEF-in maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının(NAYORA) təşkilatçılığı ilə  “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verilib. 2 dekabr tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, UNICEF Azərbaycan və  Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə ilk görüş keçirib.

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi regionlarda yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının region gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, region gənclərinin maarifləndirilməsi və ictimai fəaliyyətə cəlb olunması, region gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, regionlarda insan resurslarının inkişafına təkan verilməsi və gənclər arasında maraq doğuran məsələlərin həllində gənclərin özlərinin yerli hakimiyyət orqanlarına dəstək olması məqsədi ilə həyata keçirilir.

Əvvəlcə qonaqları salamlayan icra başçısı Şəmkirdəki gənclər təşkilatlarından, onların fəaliyyət istiqamətlərindən danışıb. Alimpaşa Məmmədov bildirib ki, Şəmkir gəncləri bu gün regionun ən fəal gənclərindən biridir: “Şəmkirdə “Böyük Yol” Gənclərin İctimai Birliyinin çətiri altında toplanan “Gənc Həkimlər Birliyi”, “Gənc Xeyriyyəçilər Birliyi”, “Gənc Tərbiyyəçilər Birliyi”, “Gənc Müəllimlər Birliyi” və “Gənclərin Mədəni İnkişafı Birliyi” müxtəlif sahələrdə rayon əhalisi arasında xüsusi rəğbət qazanıb və fəallıqları ilə artıq özlərindən hər yerdə söz etdirə biliblər. Bəzi bölgələrdə bu birliklərin təcrübəsindən yararlanan gənclərin də az deyil. Bu birliklər artıq bütün sahalərdə rayonun ayrılmaz parçasına, gündəlik fəal həyat tərzinə çeviriliblər. Onlar müxtəlif sahələrdə rayon gənclərinin aktiv olmasında mühüm rol oynayırlar”.

Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova da səmimi qəbula görə icra başçısına təşəkkür edib və ARGTMŞ və UNICEF-in maliyyə dəstəyi il “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi haqqında məlumat verib.

M.Məcidova bildirib ki, "5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Gəncliyi 2017-2021" Dövlət Proqramında müvafiq olaraq qeyd olunan regionlarda yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması, gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması məqsədilə təşkil olunur.

Bildirilib ki, layihə Xəzər rayonu, Şəmkir, Qazax, Tovuz və Biləsuvar rayonlarını əhatə edəcək.

Sonda iştirakçılar Şəmkir rayonunda fəaliyyət göstərməsi nəzərdə tutulan Gənclərin Yerli Məşvərət Şurasının fəaliyyət dairəsi və onun yerli hakimiyyət orqanları ilə əməkdaşlığı müzakirə olunub.

 

#NAYORA #UNICEF