Visegrad+ Fondu haqqında məlumat sessiyası baş tutdu

26 Yanvar 2020

Visegrad+ Fondu haqqında məlumat sessiyası baş tutdu

25 Yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının beynəlxalq layihələrə müraciətinin təşviq edilməsi məqsədini əsas tutaraq gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Visegrad+ Fondu haqqında məlumat sessiyası baş tutmuşdur. Təqdimat müddətində Visegrad+ Fonduna layihələrin yazılması, Fondun onlayn sistemində istifadə qaydaları, layihəyə müraciət formaları haqqında məlumat təqdim edilmişdir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və baş katibi vəzifəsinin icraçısı Azər Əliyev təqdimat zamanı Visegrad+ Fonduna layihələrin təqdim olunması üçün növbəti müraciət tarixlərini, layihələrin düzgün qeydiyyatdan keçirilməsi qaydalarını və qeydiyyatın mərhələləri haqqında ətraflı məlumat təqdim etdilər. Sonda təşkilat nümayəndələrinin sualları dinlənildi və cavablandırıldı.

Qeyd etmək lazımdır ki, ARGTMŞ artıq Visegrad+ Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin icra mərhələsindədir. Layihənin məqsədi Azərbaycan, Gürcüstan, Polşa, Çexiya və Macarıstanda həssas qruplarla işləmək üzrə təcrübəsi olan psixoloqları, QHT nümayəndələrini, gənclər sahəsində fəaliyyət göstərən mütəxəssisləri və bu sahədə bacarıqlarını inkişaf etdirmək istəyən gəncləri bir araya gətirməkdir. Layihənin əsas hədəfləri isə həssas qruplarla işləyən gənc işçilərin bilik və bacarıqlarını artırmaq, V4 ölkələrinin (Çexiya Respublikası, Macarıstan, Polşa, Slovakiya) təcrübəsini yerli səviyyəyə inteqrasiyasını təmin etmək, Gənclər sektorunda V4 ölkələri və Qafqaz ölkələri arasında gələcək tərəfdaşlıq imkanlarını genişləndirməkdir.

#NAYORA