Yunanıstanın Saloniki şəhərində “Start it UP, Keep it UP” layihəsi fəaliyyətinə başladı

12 Fevral 2020

Yunanıstanın Saloniki şəhərində  “Start it UP, Keep it UP” layihəsi fəaliyyətinə başladı

11 fevral 2020-ci il tarixində Erasmus+ Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının koordinatorluğu və beş müxtəlif ölkədən tərəfdaş təşkilatların təşkilatçılığı ilə keçirilən “Start it UP, Keep it UP” layihəsi çərçivəsində Yunanıstanın Saloniki şəhərində təlim proqramı öz fəaliyyətinə başladı.

Təlim prosesində 6 ölkədən olan 24 gənc “Dayanıqlı sosial biznes modelinin dizayn edilməsi”, “Komandanın formalaşdırılması”, “İdeyanın monetizasiya edilməsi” təlimlərində iştirak etmişdir.

Təlim iştirakçıları hər ölkədən müxtəlif sosial sahibkarlıq təcrübələrini paylaşmış, ölkədə sosial sahibkarlıq ekosisteminin formalaşması, təkmilləşməsi və inkişafı haqqında müxtəlif müzakirələr aparmışlar.

15 fevral tarixinə qədər davam edəcək təlim müddətində iştirakçılar sosial biznes ideyasının formalaşması, monetizasiyası, təkmilləşdirilməsi və digər bütün sahələrində müxtəlif təlimlərdə iştirak edəcəklər.

Qeyd edək ki, 2019-cu ilin fevral ayından etibarən davam edən “Start it UP, Keep it UP” layihəsi çərçivəsində 6 ölkədən 24 iştirakçı daha əvvəl Xorvatiya, Şimali Makedoniyada da təlim kurslarında iştirak etmişlər. Layihənin növbəti və sonuncu mərhələsi olaraq isə iştirakçılar Bakıda “Beynəlxalq Sosial Sahibkarlıq Forumu”nda iştirak edəcəklər.